Əsas məzmuna keç
Esse 12 dəq oxu oxu vaxtı

"Daha çox çalış" deyənlər sənin əlinlə öz ciblərini doldurur: Biz doğrudan niyə çalışırıq?

Biz həqiqətən özümüz üçün çalışırıq, yoxsa başqalarına görə yaşayırıq? Hedonik adaptasiya, siqnal xərcləri və həqiqi luks haqqında dürüst düşüncələr.

"Daha çox çalış" deyənlər sənin əlinlə öz ciblərini doldurur: Biz doğrudan niyə çalışırıq?
Mündəricat

Heç özünə səmimi şəkildə sual vermisən ki, sən əslində nə üçün bu qədər çalışırsan?

Çox insanın bu suala verəcəyi cavab eyni olacaq: gələcəkdə daha yaxşı yaşamaq üçün, o arzuladığım maşını almaq üçün, geniş bir ev almaq üçün, bəlkə də sadəcə rahatlıq tapmaq üçün.

Amma gəl bir anlıq həqiqətən kimsəsiz bir adada olduğunu təsəvvür edək. Orada səndən başqa heç kim yoxdur. Heç kim səni görmür, heç kim səni alqışlamır və heç kim sənə baxıb paxıllıq etmir. O adada sən yenə də bu qədər çalışardınmı?

Bəlkə çalışardın, amma yalnız ordan qaçmaq və qurtulmaq üçün. Bəs əgər oradan heç bir qaçış yoxdursa və sən ölənə kimi o kimsəsiz adada qalmağa məhkumsansa necə? Yenə də günün 14 saatını işləyərdin?

Məncə yox. Çünki gəlin dürüst olaq, biz çox vaxt özümüz üçün çalışmırıq. Biz ətraf mühit üçün, o “evi olan insanlar” kimi görünmək üçün, o “bahalı maşını olan” insan statusunu qazanmaq üçün, əlində son model telefonu olan birinə çevrilmək üçün çalışırıq. Bəzən elə olur ki, biz ömrümüzün axırına kimi sadəcə başqası kimi görünmək xətrinə qurban gedirik.

Çoxumuz üçün həyat böyük bir səhnədir. Əgər tamaşaçı yoxdursa, sən o bahalı kostyumu geyinib, o mürəkkəb rolu oynamaq istəmirsən.

Əgər sən o adada tək qalsaydın, yenə də Rolex taxıb bahalı bir kostyumda gəzərdin? Əlbəttə, bəlkə ilk günlərdə bunu edərdin. Lakin çox qısa bir müddətdən sonra anlayacaqsan ki, səni görən kimsə yoxdursa, bunun heç bir mənası da yoxdur. Bu isə bizi yenidən o ağır həqiqətə qaytarır: biz başqalarına görə yaşayırıq, onlara nəsə sübut etmək üçün çalışırıq, əslində özümüzə görə yox.

Bəs onda özünə görə yaşamaq, doğrudan da özün üçün çalışmaq nədir? Əgər bu suala daxilən cavab tapmaq istəyirsənsə, ilk növbədə özünə bir sual daha verməlisən: “Mən əslində kiməm və məni hərəkətə gətirən təməl motiv nədir?“

1. O bahalı maşın nəqliyyatdır, yoxsa bir maska?

Deyək ki, sənin hər hansı bir sahəyə, məsələn maliyyəyə olan marağın sadəcə o arzuladığın bahalı maşını almaq üçündür. Sən o maşını alanda ilk günlər böyük bir həzz yaşayacaqsan, amma sonra içində yenə o eyni qaranlıq boşluğu hiss edəcəksən. Bəlkə indi düşünürsən ki, “Xeyr, mən o lüks maşının sükanı arxasına keçim, heç bir boşluq hiss etməyəcəyəm. Özümü dünyanın kralı kimi hiss edəcəyəm.”

Sən tamamilə haqlısan. Sən doğrudan da o kral hissini yaşayacaqsan. Amma gəl, iqtisadiyyat və psixologiyanın birləşdiyi o qorxunc nöqtəyə diqqətlə baxaq. Psixoloqlar bunu çox sadə izah edirlər: insan yeni bir şeyə alışır. O ilk həzz bir neçə ay çəkir, sonra hər şey adiləşir. Sən həzzə öyrəşirsən.

Əgər sən o maşını adada, heç kimin görmədiyi yerdə sürməkdən, sadəcə onun mühərrikinin səsindən və mühəndislik möcüzəsindən zövq alırsansa, bu sənin sırf özün üçün olan, gerçək bir ehtirasındır. Amma reallıqda çoxumuz o maşını restoranın parkinqində hamıdan qabağa, ən görünən yerə qoyulsun deyə istəyirik.

Burada problem o maşının özündə deyil. Problem ondadır ki, sən o metal yığınını alanda əslində bir əşya almırsan, sən cəmiyyətdən bir status alırsan. Status isə doymayan ac bir canavar kimidir, sən onu hər gün bəsləməlisən. Bu gün o maşın səni xoşbəxt edər, sabah isə sənin gözün qonşunun və ya dostunun daha yeni, daha bahalı modelində qalar. Və oyun heç vaxt bitməz.

2. Boşluq harada başlayır?

O “əla hiss etmək” duyğusunun həmişə qısa bir istifadə müddəti var. Elm sübut edir ki, insanın yeni bir əşyadan aldığı dopamin maksimum bir neçə ay çəkir. Ondan sonra sənin o ən çox arzuladığın maşın sənin üçün sadəcə “işə gedib-gəldiyin bir nəqliyyat vasitəsi”nə çevrilir.

Əgər sənin bütün həyat motivin, çalışmağın, səhər tezdən oyanmağın yalnız o dörd təkərli metalın üzərində qurulubsa, o dopamin bitəndə, sən yenidən otağında tək qalacaqsan. Və sən yenə o eyni ağır sualla baş-başa qalacaqsan: “Mən kiməm və məni həqiqətən nə yaşadır?”

O maşın əla ola bilər, amma o, sənin daxili boşluğunu doldurmaq üçün bir yamaq yox, sənin daxili tamlığını qeyd etmək üçün sadəcə kiçik bir mükafat olmalıdır. Əgər o maşın sənin həyat məqsədindirsə, sən sadəcə onun qulusan. Yox əgər o, sənin gördüyün yaxşı işin sadəcə sıradan bir nəticəsidirsə, sən onun əsl sahibisən.

3. İllüziya iqtisadiyyatı və siqnal vermək

Təsəvvür et ki, elə bir dünyada yaşayırıq ki, insanların ən böyük xəyalı sadəcə son model bir telefondur. Gənclər illərlə o telefonu almaq üçün gecə-gündüz çalışır, kreditlərə girir. Alanda da özlərini hamı kimi, yuxarı təbəqə kimi hiss edirlər. Lakin o telefonu alandan sonra bəzən içində danışmağa, kontur vurmağa belə pulları olmur. Bəs bu paradoks əslində nə deməkdir?

Bu, siqnaldır. Sən o telefonu kiməsə zəng etmək, ünsiyyət qurmaq üçün almamısan. Əgər məqsədin həqiqətən kommunikasiya olsaydı, o bir manatlıq zəng etmək lüksü sənin üçün həmin telefondan min dəfə daha vacib olardı. Sən o telefonu bir siqnal kimi, ətrafdakılara bir mesaj kimi almısan. “Mən də uğurluyam”, “Mən də sizin təbəqəyə aidəm” deyə qışqırmaq üçün almısan.

Biz əşyanın özünə, onun funksiyasına yox, onun bizim ətrafımızda yaratdığı o böyük kölgəyə aşiq olmuşuq. Cibində pulu olmayan birinin son model cihaz işlətməsi, mağaradakı o zəncirlənmiş insanların divardakı saxta kölgələri həqiqət sanmasından heç nə ilə fərqlənmir.

İqtisadiyyatçılar bunu başqa cür də izah edirlər. Onlar deyirlər ki, bəzi əşyaları biz real ehtiyacımız üçün almırıq, onları ətrafa siqnal göndərmək üçün alırıq. Çox vaxt insanlar öz daxillərindəki əskikliyi, təhsilsizliyi, xarakter boşluğunu və özgüvən çatışmazlığını bahalı xarici əşyalarla ört-basdır etməyə çalışırlar. Çünki xarakter qurmaq illər alır, amma saat almaq sadəcə pul tələb edir.

Necə deyərlər: biz ehtiyacımız olmayan şeyləri, heç bəyənmədiyimiz insanları təsir altına almaq üçün, əslində sahib olmadığımız pullarla alırıq.

4. Həqiqi azadlıq: Zamanı geri almaq

Bəs əgər vəziyyət belədirsə, biz bu qısa həyatda nə edək, doğrudan da nə üçün çalışaq? Əgər status ardınca qaçmaq sonu olmayan bir tələdirsə, deməli biz hədəfimizi “sahib olmaq” fəlsəfəsindən “kim isə olmaq” fəlsəfəsinə dəyişməliyik. Budur sənin yeni yol xəritən:

İqtisadiyyat dili ilə desək, pulun bu dünyadakı ən böyük və tək dəyəri sənə lüks əşyalar alması deyil. Pulun ən böyük gücü sənə zamanını geri almasıdır.

Sənin əsas məqsədin çalışıb elə bir maliyyə və intellektual səviyyəyə çatmaq olmalıdır ki, sən istəmədiyin insanlara rahatlıqla “yox” deyə biləsən. İstəmədiyin saatda oyanmayasan və sevmədiyin o işi hər gün görməyə məcbur qalmayasan.

Həqiqi lüks qoluna bahalı saat taxmaq deyil. Həqiqi lüks günün 24 saatına tam olaraq özünün sahib olmasıdır.

5. Ustalıq və daxili axın (Flow)

Xatırlayırsan o “kimsəsiz ada” misalını? O adada sən tək qalsan belə, yəqin ki, maraqlı bir şeylər inşa etmək, əllərinlə nəsə qurmaq və ya hansısa bir problemi həll etmək istərdin. Çünki insanın daxilində yaratmaq ehtiyacı həmişə var.

Hədəfin bu olmalıdır: elə bir sahə, elə bir məşğuliyyət tap ki, o işi görərkən vaxtın necə keçdiyini ümumiyyətlə anlamayasan. Sən o qəliz kodu və ya o dizaynı kiminsə sənə kənardan “əfərin” deməsi üçün yox, sadəcə o mürəkkəb problemi təkbaşına həll etməyin sənə verdiyi o böyük intellektual həzz üçün etməlisən.

Ustalıq sənə elə bir daxili güc və sükunət verir ki, onu səndən nə iqtisadi inflyasiya, nə də heç bir sosial media alqoritmi geri ala bilməz. Çünki o, sənin daxilindədir.

6. Sarsılmazlıq: Özünü inşa etmək

Bir düşün: xarici əşyalara bağlı olan bütün xoşbəxtlik növləri nə qədər kövrəkdir. Sənin maşının qəzada əzilə bilər, telefonun sına bilər, qazandığın status isə bircə günün içində tamamilə itə bilər. Əgər sən onlarsansa, sən də onlarla birlikdə yox olursan.

Sənin ən böyük məqsədin elə bir “mən” inşa etmək olmalıdır ki, səni o kimsəsiz adaya çılpaq atsalar belə, sən sadəcə oradakı qaynaqlardan və öz ağlından istifadə edərək yenidən yepyeni bir dünya qura biləsən.

Həqiqi sərvət sənin bank hesabın deyil. Həqiqi sərvət sənin biliyin, böhran anındakı analitik düşüncə tərzin və yıxılanda yenidən qalxa bilən xarakterindir. Bunlar heç vaxt başqasının cibindən və ya rəyindən asılı olmayan gerçək dəyərlərdir.

Nəticə: Məqsədini tap, siqnalını yox

Bahalı bir həyat yaşamaq, komfortlu olmaq və ya yaxşı bir maşın sürmək qətiyyən günah deyil. Burada günah olan odur ki, sən o maşının sükanı arxasında oturarkən, əslində sükanı onun idarə etdiyini və sənin onun əsirinə çevrildiyini heç fərq etməyəsən.

Çalış ki, sənin aldığın o əşyalar sənin uğurunun kənara qışqıran bir sübutu yox, sadəcə sənin daxilən maraqlı, zəngin və azad həyatının sıradan bir nəticəsi olsun. Maşından enəndə, o bahalı kostyumu çıxaranda, gecə tək olanda sən hələ də “kim olduğunu” dəqiqliklə bilirsənsə, deməli, bu həyat oyununu doğrudan da sən qazanmısan.

Sonda isə sadəcə bu sual barədə düşün:

Əgər sabah bütün dünya sənin əslində nə iş gördüyünü və bankda nə qədər pulun olduğunu tamamilə unutsaydı, sən yenə də hər səhər oyanıb indiki işinlə məşğul olardınmı?

S

Sadat Nazarli

Müəllif fəlsəfə, psixologiya və insan təbiəti haqqında dərin analizlər və esselər yazır. QUAER platformasının daimi yazarıdır.

Haqqında daha çox →

Əlaqəli Yazılar