Giriş
Bəzi insanlar yaşamaq üçün susur. Sokrat isə susmamaq üçün öldü.
Eramızdan əvvəl 399-cu il, Atina. İsti bir Aralıq dənizi günü, tozlu məhkəmə salonu və bütün ömrünü sual verməyə həsr etmiş 70 yaşında bir kişi məhkəmə qarşısında dayanıb. Onun geyimi sadə, cibində pul yoxdur, arxasında onu qoruyacaq heç bir ordu, partiya və ya elit qrup yoxdur. İttiham isə çox ağırdır: gəncləri pozmaq, şəhərin tanrılarına inanmamaq və yeni ilahi varlıqlar gətirmək. Cəza ölümdür.
Ona, hər bir Atinalıya verilən şans kimi, bir yol təklif olunub: sus, geri çəkil, etdiklərin üçün üzr istə, ağla, yalvar. Amma o kişi Sokratdır. Və Sokrat susmaq, yaxud kütləyə yarınmaq üçün doğulmayıb. O, bütün Atinanı silkələyən, heç kimin eşitmək istəmədiyi həqiqətləri insanların üzünə çırpan bir nitq söyləyir.
Bu, sadəcə qədim yunan məhkəməsinin stenoqramı deyil. Bu, fəlsəfə tarixinin, bəlkə də insanlıq tarixinin ən güclü mətnlərindən birinin, Platonun “Sokratın Müdafiəsi”nin (Apologiya) hekayəsidir. Yalnız 2400 il əvvəlin uzaq bir hekayəsi deyil. Bu gün, şəbəkələrdə asanlıqla linç edilən, izdihamın səs-küyündə itib-batan, həqiqəti dediyi üçün kənarlaşdırılan hər birimizin hekayəsidir.
Bu kitab niyə vacibdir?
Əvvəlcə bir terminoloji dəqiqliklə başlayaq. Əsərin orijinal adı “Apologiya”dır. Bu söz bu gün daha çox “üzr istəmək” (ingiliscə apologize) mənasında işlədilir, amma qədim yunancada tamam başqa, hətta zidd bir məna daşıyır: apologia müdafiə, özünü doğrulamaq, öz mövqeyini izah etmək deməkdir. Sokrat heç kimdən, heç nə üçün üzr istəmir. Əksinə, etdiyi hər şeyi şüurlu, məqsədli etdiyini və haqlı olduğunu sübut etməyə çalışır. O, hakimlərin mərhəmətini deyil, anlayışını tələb edir.
“Sokratın Müdafiəsi” Platonun ən qısa, ən dramatik və ən təsirli əsərlərindən biridir. Cəmi 20-30 səhifəlik, oxunması bir neçə saat çəkən bir mətndir. Amma bu 30 səhifə 2400 ildir kəsilmədən oxunur, şərh olunur, müxtəlif dillərə tərcümə edilir. Çünki burada sadəcə bir adamın məhkəmə nitqi yoxdur. Burada bir sual var ki, hər nəsil onu yenidən və yenidən cavablamalıdır: insanın həqiqəti deməsi, inandığı dəyərlərə sadiq qalması, yoxsa rahat yaşaması daha vacibdir?
İnsan ömrünün mənası nədir? Sürü ilə hərəkət etmək, yoxsa təkbaşına uçuruma getsən belə həqiqətin arxasınca getmək?
Sokratdan əvvəl Atina necə yer idi?
Sokratın faciəsini və böyüklüyünü tam anlamaq üçün onun hansı cəmiyyətdə yaşadığını bilməliyik. Sokrat boşluqda ortaya çıxmamışdı. O, e.ə. 5-ci əsrdə, yəni qədim Atinanın ən parlaq və ən təlatümlü dövründə yaşayıb.
O dövrdə Atina demokratiyanın beşiyi idi. Amma bu demokratiya müasir anlayışdakı kimi səssiz seçki qutularından ibarət deyildi. Hər bir azad vətəndaş meydanlara (Aqora) çıxır, siyasi qərarların verilməsində birbaşa iştirak edirdi. Kim daha yaxşı danışırdısa, kütləni kim daha yaxşı inandıra bilirdisə, şəhəri də o idarə edirdi. Nitq güc idi. Söz silah idi.
Digər tərəfdən, Atina Sparta ilə çox uzun və dağıdıcı bir müharibədən - Peloponnes müharibəsindən (e.ə. 431-404) yeni çıxmışdı. Atina bu müharibədə məğlub olmuş, donanmasını itirmiş, aclıq və vəba xəstəliyi ilə sarsılmışdı. Müharibənin sonunda Spartalılar Atinada qısa müddətli “Otuz Tiran” adlı qəddar bir diktatura da qurmuşdular (bu tiranların bəziləri, əfsuslar olsun ki, əvvəllər Sokratın ətrafında fırlanan gənclər idi).
E.ə. 399-cu ilə, yəni məhkəmənin qurulduğu ilə qədər demokratiya yenidən bərpa olunmuşdu. Lakin şəhər əsəbi, travmalı və şübhəçi idi. Atinalılar öz qürurlarını bərpa etmək üçün günahkar axtarırdılar. Kimsə cəzalandırılmalı idi. Onların inandıqları tanrılara hörmət etməyən, davamlı olaraq şəhərin “nə qədər cahil olduğunu” göstərən, insanları ən fundamental məsələlərdə (ədalət nədir? cəsarət nədir? dindarlıq nədir?) şübhəyə salan o qoca filosofdan yaxşı günahkar kim ola bilərdi?
Sokrat kim idi və niyə narahatlıq yaradırdı?

Sokrat Atina küçələrində dolaşan çox qəribə bir fiqur idi. O, kasıb idi, amma bu kasıblıq onu narahat etmirdi. Sadə geyinərdi, çox vaxt ayaqyalın gəzərdi. Heç bir rəsmi vəzifəsi, titulu, açdığı bir məktəbi və ya tədris proqramı yox idi. Amma bir silahı var idi ki, bütün Atinanı lərzəyə salırdı: onun bitib-tükənməz sualları.
Sokratın tərzi birbaşa, bəzən də bezdirici idi. O, bazarda, meydanda, hamamda kiminlə qarşılaşırdısa - siyasətçilərlə, generallarla, şairlərlə, sənətkarlarla, zənginlərlə və ya gənclərlə - dərhal onlarla mübahisəyə, dialoqa girərdi. Dialoqun qaydası sadə idi: kimsə bir anlayışdan danışırdı (məsələn, “mən cəsuram”), Sokrat dərhal soruşurdu: “Cəsarət nədir?”
Adam cavab verirdi, Sokrat yenə soruşurdu. “Bəs filan situasiyada belə etsək, bu da cəsarət sayılarmı?” Hər cavabın içindən yeni bir sual, yeni bir paradoks çıxırdı. Sokratın məntiqi o qədər iti idi ki, matruşka kimi açıldıqca adamın əlində tutduğu hər şey boşluğa çevrilirdi. Bildiyini, inandığını, illərlə müdafiə etdiyini zənn etdiyi fikir saniyələr içində darmadağın olurdu.
Bu metod, yəni “Sokratik dialoq” intellektual olaraq çox cəlbedici olsa da, psixoloji olaraq çox sarsıdıcı idi. Cəmiyyətdə hamının hörmət etdiyi, özünü “ədalət” eksperti hesab edən bir siyasətçinin əslində “ədalətin nə olduğunu bilmədiyini” onlarla gəncin qarşısında sübut etmək, o adam üçün siyasi və şəxsi fəlakət idi. Sokrat insanların rahat yalanlarını, komfort zonalarını param-parça edirdi. Bunu bir nəfərlə deyil, illər ərzində bütün şəhərlə edirdi.
Buna görə də onu sevən gənclər ordusu olduğu kimi, ona nifrət edən, intiqam anını gözləyən, onu “yox etmək” istəyən elita da formalaşmışdı. Sokrat mövcud sistem üçün bir təhdid idi, çünki sistemin cahillik üzərində qurulduğunu ifşa edirdi.
Sokrat niyə yazmadı?
Fəlsəfə tarixinin ən böyük ironiyalarından biri də budur: bu qədər dərin, bu qədər böyük bir təsirə malik olan Sokrat, həyatı boyu bir dənə belə cümlə yazmayıb. Nə bir kitab, nə bir vərəq, nə bir traktat.
Bəs niyə? Sokrat savadsız idimi? Qətiyyən yox. Sokrat yazmamağı şüurlu bir fəlsəfi qərar kimi seçmişdi. O inanırdı ki, söz kağıza düşəndə ölür. Yazılmış mətn suallara cavab verə bilmir, özünü müdafiə edə bilmir, oxuyanın gözünün içinə baxa bilmir. Siz kitaba “niyə belə dedin?” sualını verəndə, kitab lal-karlar kimi sadəcə eyni cümləni təkrar edir.
Sokrat üçün fəlsəfə tozlu rəflərdə dayanan donuq mətnlər deyil, canlı, nəfəs alan, iki insanın qarşı-qarşıya gəldiyi və eyni anda həm fikirlərin, həm də ruhların çarpışdığı bir meydan idi. Həqiqət yalnız bu qarşılıqlı “döyüş” zamanı, sual və cavabın qığılcımından yarana bilərdi. Yazılmış mətn insanlara biliyi deyil, sadəcə “biliyin illüziyasını” verə bilərdi.
O, yazmağı deyil, danışmağı seçdi. Ruhlara toxunmağı seçdi. Bu gün biz onu yalnız şagirdlərinin, xüsusən də Ksenofont və ən əsası Platonun qələmi vasitəsilə tanıyırıq. Platonun yazıları olmasaydı, Sokrat bəlkə də tarixin tozlu səhifələrində itib-batacaq bir ad olacaqdı. Platon ustasını əbədiləşdirdi.
Platon üçün Sokratın ölümü nə demək idi?
Sokratın zəhər içərək ölməsi sadəcə bir insanın həyatının bitməsi deyildi. Bu, gənc Platon üçün bir dünyagörüşünün, demokratiyaya olan hər hansı inancın və şəhər ədalətinin çöküşü idi.
Platon zadəgan bir ailədən gəlirdi və gəncliyində siyasi karyera qurmağı hədəfləyirdi. Amma onun çox sevdiyi, hörmət etdiyi, “dövrümüzün ən ədalətli, ən ağıllı adamı” adlandırdığı ustadını eyni cəmiyyət, həm də kütləvi “demokratik” səsvermə ilə ölümə məhkum edəndə, Platon siyasətdən iyrəndi. O anladı ki, cəmiyyət həqiqəti qəbul etməyə hazır deyil. Çoxluğun səsi hər zaman ədaləti gətirmir. Kütlənin idarəetməsi (demokratiya) asanlıqla tiraniyaya və populizmə çevrilə bilər.
Platon bütün fəlsəfi sistemini, tarixdə ilk universitet sayıla biləcək “Akademiya”sını məhz bu travmanın üzərində qurdu. O, həyatı boyu “necə bir dövlət qurmalıyıq ki, orada Sokrat kimi insanlar öldürülməsin?” sualına cavab axtardı (məşhur “Dövlət” əsərinin də əsas motivi budur). Sokratın ölümü Platonu sarsıtdı, amma eyni zamanda fəlsəfə tarixinin ən böyük mütəfəkkirinə çevirdi.
Sokrat və sofistlər
Sokratın dövründə, xüsusilə də məhkəmədə ona yönəldilən ən böyük iradlardan biri onu “sofist” kimi görmələri idi. Bəs sofistlər kim idi?
Sofistləri sadəcə “pis adamlar” kimi xarakterizə etmək haqsızlıq olar. Atinada siyasət və məhkəmə prosesləri birbaşa nitq qabiliyyətinə bağlı olduğundan, insanların “necə danışmaq lazım olduğunu” öyrənməyə ehtiyacı var idi. Və bazarda hər tələbə bir təklif yaranır. Sofistlər bu ehtiyacı ödəyən peşəkar, gəzərgi müəllimlər idi. Onlar ritorikanı, inandırma sənətini, natiqliyi pulla öyrədirdilər. Zəngin Atinalılar öz uşaqlarını böyük məbləğlər müqabilində sofistlərin yanına göndərirdilər ki, onlar siyasətdə irəli gedə bilsinlər.
Sofistlərin fəlsəfəsində “Mütləq Həqiqət” yox idi. Onlar deyirdilər ki, vacib olan haqlı olmaq deyil, haqlı görünməkdir. Zəif bir arqumenti dil bacarığı ilə ən güclü arqumentə çevirmək mümkündür. Sofist Protaqorun dediyi kimi: “İnsan hər şeyin ölçüsüdür”. Yəni, həqiqət sən onu necə satırsansa odur.
Sokrat isə sofistlərin tam antitezası idi. Birincisi, o heç vaxt öyrətdikləri müqabilində pul almırdı. İkincisi, o insanlara “qalib gəlməyi” deyil, “həqiqəti tapmağı” öyrətməyə çalışırdı. Sokratın məqsədi mübahisədə üstün olmaq deyildi. O, tez-tez öz cahilliyini etiraf edər, “mən bilmirəm, gəl birlikdə axtaraq” deyərək həmsöhbətini dərin düşüncəyə cəlb edərdi.
Lakin kənardan baxan bir çox sadə Atinalı üçün bu incə fərq aydın deyildi. Onlar görürdülər ki, sofistlər də sözbazlıq edir, Sokrat da insanları suallarla dolaşdırır. Beləcə, onu “gəncləri yoldan çıxaran bir sofist” kimi damğaladılar.
Sokratik metod
Sokratik metod (və ya elenchus) bu gün hələ də hüquqşünaslıqdan tutmuş psixoterapiyaya qədər bir çox yerdə istifadə olunan güclü bir vasitədir. Bu, “mən bilirəm, sən bilmirsən” demək yerinə, fərdin öz ziddiyyətlərini özünün kəşf etməsinə əsaslanır.
Təsəvvür edin: Bir general gəlir və qürurla deyir ki, “Mən bilirəm cəsarət nədir. Cəsarət döyüşdə heç vaxt geri çəkilməməkdir.” Sokrat sakitcə soruşur: “Bəs əgər general strateji olaraq geri çəkilirsə ki, düşməni tələyə salsın? Bu halda o qorxaq sayılır?” General duruxur: “Xeyr, bu, ağllı hərəkətdir, qorxaqlıq deyil.” Sokrat: “Deməli, həmişə irəli getmək cəsarət deyil. Bəzən geri çəkilmək də cəsarət ola bilər. O zaman cəsarətin əsl tərifi nədir?”
General tərifini dəyişməyə məcbur olur. O dəyişdikcə, Sokrat yeni suallarla o tərifdəki nöqsanları da üzə çıxarır. Sonda adam başa düşür ki, ömrü boyu arxasında durduğu, uğrunda qan tökdüyü anlayışın əslində nə demək olduğunu bilmir.
Bu gün bu o qədər aktualdır ki! Hər kəs sosial mediada böyük anlayışlarla danışır: “Azadlıq”, “Ədalət”, “Hüquq”, “Vətənpərvərlik”, “Sevgi”. Amma çox vaxt biz bu sözləri heç bir təməl tərifə bağlamadan şüar kimi işlədirik. Biri bizə Sokrat kimi yaxınlaşıb “ədalət deyəndə tam olaraq nəyi nəzərdə tutursan?” deyə soruşsa, bir çoxumuzun dərin bir boşluq içində olduğumuz üzə çıxar. Sokrat təhlükəli idi, çünki onun sualları yalanları çılpaq qoyurdu.
Delfi kahini

“Sokratın Müdafiəsi”nin mərkəzində çox maraqlı və mifik bir hekayə dayanır.
Sokratın Xairefon adlı köhnə və sadiq bir dostu bir gün Yunanıstanın ən müqəddəs yeri sayılan Delfi məbədinə gedir. Apollon tanrısının kahinindən soruşur: “Dünyada Sokratdan daha hikmətli, daha ağıllı adam varmı?” Kahin qəti şəkildə cavab verir: “Yoxdur. Sokratdan daha hikmətlisi yoxdur.”
Bu xəbər Sokrata çatanda o, qürurlanmaq əvəzinə sarsılır. Çünki o, səmimi qəlbdən özünün heç nə bilmədiyinə inanırdı. O, “Axı mən çox cahiləm. Tanrı necə belə yalan deyə bilər? Amma o tanrıdır, yalan da deyə bilməz. Bu sirr nədir?” deyə düşünür. Və o, tanrının sözünü “test etmək”, bəlkə də onu yalanlamaq üçün bir yola çıxır.
O, Atinanın ən ağıllı, ən hörmətli adamlarının yanına getməyə başlayır.
Əvvəlcə siyasətçilərə gedir. Onlarla danışır və görür ki, bu adamlar gözəl sözlər deyirlər, hamı onlara heyranlıqla baxır, onlar da özlərini hər şeyi bilən hesab edirlər. Lakin bir az dərinə gedəndə məlum olur ki, siyasətçilər əslində heç nə bilmirlər. Daha pisi odur ki, bilmədiklərindən xəbərsizdirlər.
Sonra şairlərə gedir. Şairlər dərin, fəlsəfi, emosional şeirlər yazırdılar. Sokrat onlardan şeirlərinin mənasını soruşur. Aydın olur ki, şairlər nə yazdıqlarını şüurlu şəkildə anlamırlar. Onlar ilhamla, vəcdlə yazırlar, amma bunu məntiqi izah edə bilmirlər. Lakin bir sahədə yaxşı olduqları üçün həyatın hər sahəsində mütəxəssis olduqlarını düşünürlər. Bu gün də çox belədir: gözəl mahnı oxuyan və ya yaxşı aktyor olan birinin qəfildən siyasət və iqtisadiyyat haqqında da özünü ekspert sanması çox rast gəlinən eqo tələsidir.
Sonda sənətkarlara gedir. Bu adamlar heç olmasa öz peşələrini bilirdilər. Çəkməçi necə ayaqqabı tikəcəyini, dulusçu necə qab düzəldəcəyini bilirdi. Lakin onlar da eyni xəstəliyə tutulmuşdular - öz sahələrindəki biliklərini böyüdüb bütün kainatın sirlərini bildiklərini zənn edirdilər.
Bütün bunlardan sonra Sokrat kahinin əslində nə demək istədiyini başa düşür. O belə nəticəyə gəlir: “Bəli, bu insanların heç biri əslində mühüm olan həqiqətləri bilmir. Mən də bilmirəm. Amma mənim onlardan bir üstünlüyüm var: Onlar bilmədikləri halda bildiklərini iddia edirlər, öz cəhalətlərinə kordurlar. Mən isə heç olmasa bilmədiyimi bilirəm. Cəhalətimin fərqindəyəm.”
Bu, fəlsəfə tarixinin ən məşhur, ən təməl düşüncəsidir: “Tək bildiyim odur ki, heç nə bilmirəm.”
Bu cümlə saxta bir təvazökarlıq nümayişi deyil. Bu, insan eqosunun sındırılması, kibrin məhv edilməsidir. Biliyin qapısı yalnız və yalnız adam öz cahilliyini, bilmədiyini qəbul edəndə açılır. Boşalmamış fincana çay süzmək olmaz. İçi saxta “biliklər” və eqo ilə dolu olan insana heç nə öyrətmək mümkün deyil. Kahin haqlı idi: ən müdrik insan, fəlakətli dərəcədə cahil olduğunu dərk edən insandır.
Məhkəmədə ittihamlar
Sokratı məhkəməyə verən üç nəfər var idi: gənc və ehtiraslı şair Meletos, nüfuzlu siyasətçi Anytos və natiq Lykon.
Onların qaldırdıqları rəsmi ittihamlar əsasən iki yerə bölünürdü:
- Dövlətin tanıdığı tanrılara inanmamaq və şəhərə yeni ilahi varlıqlar (“demonlar”) gətirmək (Ateizm ittihamı).
- Gənclərin əxlaqını pozmaq, onları ənənəvi dəyərlərdən və dövlətə itaətdən uzaqlaşdırmaq.
Lakin Sokrat məhkəmədə çox gözəl anlayırdı ki, bu rəsmi kağızlar sadəcə bir bəhanədir. O çıxışında deyir ki, mənim əsl düşmənim Meletos və ya Anytos deyil. Mənim əsl düşmənim on illər ərzində formalaşmış, siz hakimlərin hələ uşaq ikən eşitdiyi “köhnə şayiələrdir”. Məsələn, komediya yazıçısı Aristofan “Buludlar” adlı pyesində Sokratı buludların üzərində uçan, Allahlara inanmayan, gənclərə pulla hiylə öyrədən fırıldaqçı bir dəli kimi təsvir etmişdi. Atina xalqı bunu izləmiş, gülmüş və Sokratı həqiqətən belə bir adam sanmışdı. Sokrat hakimlərə deyir: “Ən təhlükəli ittihamçılar onlardır, çünki onlar siz hələ gənc və sadəlövh olanda zehinlərinizi yalanlarla doldurublar. Mən indi burada kölgələrlə döyüşürəm.”
Buna baxmayaraq, Sokrat rəsmi ittihamlarla da birbaşa üzləşməli idi. Meletosu kürsüyə dəvət edib onunla apardığı qısa dialoq Sokratın zəkasının və cəsarətinin zirvəsidir.
Sokrat ateizm ittihamını məharətlə parçalayır. Meletos iddia edir ki, Sokrat həm tanrılara inanmır (tam ateistdir), həm də şəhərə yeni ilahi varlıqlar, “demon”lar gətirir. Sokrat sadə bir sual verir: “Heç bir tanrıya inanmayan adam necə yeni ilahi varlıqlara inana bilər? Məgər ilahi varlıqlar tanrıların və ya tanrıların övladları deyilmi? Sən ittihamnaməni elə tələsik yazmısan ki, öz-özünlə ziddiyyət təşkil edirsən.” O sübut edir ki, ittihamlar absurd və yalandır. Amma kütlə həqiqəti eşitmək istəmirdi, o sadəcə qisas istəyirdi.
Sokratın müdafiə strategiyası
Məhkəmə günü çatanda, 500 nəfərlik andlılar heyəti qarşısında Sokratın iki seçimi var idi. Ya ənənəvi yolla gedib ağlayacaq, qoca arvadını və uşaqlarını səhnəyə çıxarıb hakimlərin rəhmini dilənəcək, ya da bütün həyatı boyu etdiyi kimi, həqiqətin üzünə düz baxacaqdı. O, ikinci yolu seçdi.
Onun məqsədi heç vaxt canını qurtarmaq olmadı. Sokratın müdafiə strategiyası sadəcə haqlı olduğunu nümayiş etdirmək və fəlsəfəsinin ən yüksək səviyyəsini sərgiləmək idi. O, hakimlərin eqosunu oxşamırdı. Əksinə, o, onlara meydan oxuyurdu. O onlara deyirdi ki: “Mən sizin istədiyiniz kimi yalvarsam, bəlkə də yaşayaram. Amma o zaman mən ədalətsiz bir insan olaram, siz isə ədalətsiz bir məhkəmə. Mən sizi günah işləməkdən qorumaq üçün buradayam.”
Bu strategiya müasir hüquqşünaslıq üçün bəlkə də intihardır. Amma fəlsəfi baxımdan, bu bir insanın prinsiplərinin ən mükəmməl müdafiəsi idi. O mərhəmətə deyil, ədalətə səslənirdi. Hakimlərin borcu kiməsə rəhm etmək yox, həqiqəti tapmaqdır. O isə hakimlərə heç bir güzəştə getmədən öz həqiqətini çırpırdı.
Sokratın ironiyası
Məhkəmədə Sokratın istifadə etdiyi əsas alətlərdən biri də onun məşhur “ironiya”sı idi (qədim yunanca eironeia - özünü bilməzliyə vurmaq, qəsdən zəif göstərmək). O, mətndə dəfələrlə özünü tərifləyən ittihamçılara “siz o qədər gözəl danışdınız ki, az qaldı özüm-özümə inanım, amma sözlərinizdə bir dənə də olsun həqiqət yoxdur” deyir.
Sokrat “mən heç nə bilmirəm” deyərkən, qarşı tərəfi o qədər yuxarı qaldırır ki, adam qürurdan şişib havalanır. Lakin sonra verdiyi bircə sualla o şarı elə partladır ki, qarşı tərəf yerlə yeksan olur. Bu ironik münasibət hakimləri daha da qəzəbləndirirdi. Çünki heç kim öz axmaqlığının və saxtakarlığının intellektual bir zarafatın obyekti olmasını sevmir.
At sineyi metaforası

Müdafiə nitqinin ən yadda qalan, bəlkə də ədəbiyyat tarixinin ən gözəl metaforalarından biri Sokratın öz rolunu izah etmək üçün istifadə etdiyi “At sineyi” metaforasıdır.
Sokrat deyir: “Ey Atinalılar! Siz mənə ölüm cəzası verməklə əslində mənə yox, özünüzə zərər vermiş olacaqsınız. Çünki Atina çox böyük, nəcib, amma cüssəsinin böyüklüyünə görə tənbəlləşmiş, yuxulu, hərəkətsiz bir ata bənzəyir. Tanrı məni, bu Atina atının üstünə qonmuş bir at sineyi olaraq göndərib. Mən bütün gün sizi dişləyirəm, sancıram, narahat edirəm ki, oyanasınız, düşünəsiniz, ayağa qalxasınız.”
At sineyi bezdiricidir. Dişləyəndə ağrıdır. Yuxunu qaçırır. Atinalılar məhz bu səbəbdən Sokratdan qurtulmaq istəyirdilər. Sokrat onlara deyir: “Əgər məni öldürsəniz, at sineyini əzmiş olacaqsınız. Və bəli, bundan sonra çox rahat yata biləcəksiniz. Amma tanrı sizə acıyıb yeni bir sinek göndərməsə, siz o yuxudan bir daha heç vaxt oyanmayacaqsınız. Şəhəriniz cəhalət yuxusunda öləcək.”
Müasir dövrə baxaq. Hər cəmiyyətin mütləq at sineklərinə ehtiyacı var. Onlar jurnalistlər, yazıçılar, sənətkarlar, elm adamları, fəlsəfəçilər ola bilər. Cəmiyyətin rahat yalanlarını, qurduğu illüziyaları, korrupsiyanı, mənəvi çöküşü üzə çıxaran, kütlənin bəyəndiyi axınlara qarşı gedib “bəs bunun səbəbi nədir?” deyə bağıran insanlar. Cəmiyyət adətən onları sevmir. Sistem onları susdurmağa çalışır. Çünki yuxu o qədər şirindir ki, heç kim oyanıb reallığın amansızlığı ilə üzləşmək istəmir. Amma at sineyi olmayan cəmiyyət, Sokratın dediyi kimi, çürüməyə məhkumdur.
Sorğulanmamış həyat yaşamağa dəyməz
Platonun yazdığı bu əsərin, və bəlkə də bütün qərb fəlsəfəsinin ən məşhur şüarı Apologiyanın 38a bölməsində yer alır. Hakim qarşısında son sözlərini deyən Sokrat, ona “sürgünə get və orada səssizcə yaşa” təklif ediləndə belə deyir:
“Sizə desəm ki, insan üçün ən böyük xeyir hər gün fəzilət haqqında, özüm və başqaları haqqında etdiyim bu söhbətlərdir və sorğulanmamış həyat yaşanmağa dəyməz, mənə heç inanmayacaqsınız.”
“Sorğulanmamış həyat yaşamağa dəyməz” (The unexamined life is not worth living). Bu, çox ağır, iddialı, hətta radikal bir cümlədir. Bu, sadəcə fəlsəfi bir aforizm deyil, bir insanın həyata verdiyi mənadır.
Sorğulanmamış həyat nədir? Bu, avtopilotda yaşamaqdır. Cəmiyyətin, ailənin, mədəniyyətin, televiziyanın, bu gün isə alqoritmlərin və sosial medianın bizə diktə etdiyi yolla sorğu-sualsız getməkdir. Gündəlik həyatımızda düşünək: Biz məktəbə gedirik, çünki hamı gedir. Hansısa ixtisası seçirik, çünki “prestijlidir” və ya ailəmiz belə istəyir. Evlənirik, çünki “vaxtıdır”. Bir işə giririk və illərimizi o divarlar arasında sərf edirik, çünki “pul qazanmaq və kredit ödəmək lazımdır”. Dinə inanırıq, ya da inanmırıq, çünki doğulduğumuz coğrafiya belə tələb edir.
Amma nə qədər adam bir gün dayanıb, güzgüyə baxıb özünə bu sualları verir: “Mən həqiqətən bu işi görmək istəyirəmmi? İllərdir inandığım, uğrunda mübarizə apardığım, bəzən insanları qırdığım bu dəyərlər doğrudanmı doğrudur? Mən bu şəhərdə, bu adamla, bu həyatı niyə yaşayıram? Mənim qərarlarım doğrudanmı mənə aiddir, yoxsa mən sadəcə mənə verilən ssenarini oynayan bir aktyoram?”
Sokrat üçün bu sualları vermədən yaşanmış 80 illik bir ömür belə, əslində yaşanmamış sayılır. Çünki sual verməyən, tənqidi düşünməyən, öz qaranlıq tərəfləri və qorxuları ilə üzləşməyən insan əslində heç vaxt azad ola bilməz. O, sadəcə hərəkət edən bioloji bir orqanizmdir. Nəfəs alır, qidalanır, çoxalır və ölür. Ruh isə oyanmır.
Bu fikir bu gün həmişəkindən daha aktualdır. Biz əvvəlki nəsillərlə müqayisədə inanılmaz dərəcədə rahat yaşayırıq. Hər şey bir toxunuş qədər yaxındır - yemək, əyləncə, informasiya, alış-veriş. Amma bu rahatlıq bizi tənbəlləşdirir, mənəvi baxımdan uyuşdurur. Gündəlik 5-6 saatımızı ekran qarşısında heç nə düşünmədən yuxarı-aşağı çevirərək (mindless scrolling) keçiririk. Sonsuz bir informasiya okeanında üzürük, lakin çox nadir hallarda dayanıb mənzərəni sorğulayırıq.
Sokrat deyirdi ki, var olmaq, oyanıq olmaqdır. Və oyanıq olmağın yeganə yolu şübhə etmək, sual vermək, həyatı daim mikroskop altında təhlil etməkdir. Əks halda, yaşamağın nə mənası var?
Sokrat niyə qaçmadı?

Sokrat ölüm cəzasına məhkum ediləndə cəzanın icrası bir ay gecikir (dini bayrama görə gəminin yola çıxması ləngimişdi). Bu bir ay ərzində Sokrat həbsxanada yatır. Zəngin və nüfuzlu dostları (xüsusən də Kriton) qapıdakı mühafizəçilərə rüşvət vermək üçün pul hazırlayırlar. Qaçış planı mükəmməl idi, hər şey hazır idi. Bircə Sokratın “hə” deməsi kifayət idi ki, o, qonşu şəhərlərin birinə qaçsın və ömrünün son illərini rahat yaşasın.
Platon bu hadisəni “Kriton” dialoqunda qələmə alıb. Kriton həbsxanaya gəlir və Sokratı yola gətirməyə çalışır: “Qaç, əgər ölsən, biz həm bir dostumuzu itirəcəyik, həm də xalq bizi qınayacaq ki, pulumuzu xərcləyib səni xilas etmədik.”
Amma Sokratın cavabı tarixin ən böyük əxlaqi dərslərindən biridir. O, qaçmağı qətiyyətlə rədd edir. Onun səbəbləri çox dərindir:
- Prinsiplərə xəyanət: O bütün ömrü boyu Atina küçələrində gənclərə qanunlara tabe olmağı, ədalətli yaşamağı, heç vaxt zülmə zülmlə cavab verməməyi öyrətmişdi. Əgər indi, ölüm qorxusundan qaçsaydı, onun bütün fəlsəfəsi, dediyi hər söz bir anda saxtalaşacaqdı. O, “fəlsəfə” deyil, ikiüzlülük nümayiş etdirmiş olacaqdı.
- Qanunlarla razılaşma (İctimai müqavilə): Sokrat iddia edirdi ki, o, 70 il bu şəhərdə yaşayıb, onun nemətlərindən yararlanıb, buranın vətəndaşı olub. Qanunlar onun xeyrinə işləyəndə yaxşı idi, indi onun zərərinə qərar verəndə qaçmaq məntiqsiz və ədalətsizdir. Atina məhkəməsinin qərarı yanlış ola bilər, lakin qanunlardan qaçmaqla o, qanunları və şəhəri məhv etmiş olar. Haqlı olmaq, insana haqsızlıq etmək haqqı vermir.
- Ölümə münasibət: Sokrat ölümün nə olduğunu bilmədiyi üçün ondan qorxmurdu. O deyirdi: “Ölüm iki şeydən biridir. Ya tam bir heçlikdir, yəni çox dərin, yuxusuz bir gecə kimidir. Bu isə gözəldir, çünki dərin yuxudan dincəldici heç nə yoxdur. Ya da deyilən kimi, ruhun başqa bir dünyaya köçməsidir. Belədirsə, mən orada Homerlə, Hesiodla, həmçinin haqsız yerə öldürülmüş başqa dahi insanlarla görüşəcəm, onlarla da fəlsəfi mübahisələr edəcəm. Məgər bundan böyük xoşbəxtlik olar bilər?”
Sokrat üçün əsas qorxu ölüm deyildi, vicdanını itirmək, ruhunu ləkələmək, ədalətsiz və prinsiplərinə zidd yaşamaq idi. “Çətin olan ölümdən qaçmaq deyil,” deyirdi Sokrat, “ədalətsizlikdən qaçmaqdır. Çünki ədalətsizlik ölümdən daha sürətli qaçır və insanı daha tez yaxalayır.”
Sokratın ölümü məğlubiyyət idi, yoxsa qələbə?
Ölüm səhnəsi gələndə, Platonun “Fedon” dialoqunda təsvir edildiyi kimi, hər kəs ağlayır, fəryad edir. Təkcə bir nəfər - Sokrat tam sakit, huzurlu və məğrur şəkildə qalır. O, gətirilən baldıran (hemlock) zəhərini əlinə alır, cəllada təşəkkür edir, heç bir qorxu əlaməti göstərmədən son damlasına qədər içir. Son sözlərində dostlarına borcunu xatırladır ki, ölümə gedərkən belə mənəvi təmizliyini qorusun.
Zahirən baxanda Sokrat məğlub oldu. Şəhər, kütlə, sistem, onu ittiham edənlər qalib gəldi. Onu fiziki olaraq yox etdilər, səsini kəsdilər. Lakin tarixin ən böyük paradoksu buradadır: Məhkəmə onu susdurmaq üçün öldürdü, amma məhz o ölüm Sokratın səsini əbədi və silinməz etdi.
Əgər Sokrat üzr istəsəydi, yaxud qaçsaydı, o, ən yaxşı halda unudulmuş qədim yunan pəltək filosoflarından biri olacaqdı. Amma o, inandığı həqiqətlər uğrunda tərəddüdsüz şəkildə ölməyi seçməklə, bütün həyatını və fəlsəfəsini sarsılmaz bir abidəyə çevirdi. Sokrat fiziki olaraq öldü, amma o, fəlsəfənin şəhidinə, azad düşüncənin rəmzinə çevrilərək intellektual mənada ən böyük qələbəsini qazandı. Meletos və Anytosun adlarını isə yalnız Sokratı öldürən adamlar kimi - nifrətlə xatırlayırıq.
Bu gün Sokrat yaşasaydı nə olardı?
Bəzən düşünürük ki, biz 2400 il ərzində çox böyümüşük, çox inkişaf etmişik. Bəs Sokrat bu gün yenidən dirilib 21-ci əsrin hər hansı bir metropoluna - məsələn, müasir bir rəqəmsal meydana gəlsəydi nə baş verərdi?
Çox güman ki, aqibəti yenə eyni olardı, sadəcə metodlar dəyişərdi. O, böyük ehtimalla zəhərlə öldürülməzdi, amma “rəqəmsal edam” (cancel culture) edilərdi.
Əgər Sokrat sosial mediada, Twitter-də, Instagram-da və ya televiziyada eyni sualları versəydi - kütlənin bütlərini, siyasi liderlərin yalanlarını, məşhurların saxta həyatlarını, din xadimlərinin eqolarını sorğulasaydı - o dərhal “linç” olunardı.
- O, influencer mədəniyyətinə və hər şeyin “vizual satışı”na baxıb, sofistlərin bu gün daha fərqli formalar aldığını, pul və rəğbət müqabilində “həqiqət” satıldığını görərdi.
- O, “Mənim fikrim var” deyib əslində arxasında heç bir təməl, savad və araşdırma dayanmayan minlərlə postu görüb, “Siz fikrinizin əsasını bilmədən, necə bu qədər əminliklə danışa bilirsiniz?” deyə narahatlıq yaradardı.
- O, akademiyada belə qəbul edilməzdi, çünki qəliblərə, reytinqlərə, “publish or perish” sisteminə tabe olmazdı.
Bu gün sistemlər yenə də itaət edən, çox sual verməyən, sadəcə istehlak edən və kütlə axını ilə gedən insanları sevir. Sistem oyanmış insanı sevmir. 21-ci əsr texnologiyalar əsridir, lakin insan təbiəti Afina aqorasından bəri zərrə qədər də dəyişməyib. Biz hələ də həqiqətdən qorxur, bizi oyadan səsə nifrət edirik.
Bu mətni niyə oxumalıyıq?
Biz bu mətni tarix öyrənmək üçün oxumuruq. Platonun “Sokratın Müdafiəsi” bizə həyatın cavablarını vermir. Burada 10 addımda necə xoşbəxt olacağımız və ya necə uğur qazanacağımız yazılmayıb.
Bu mətn bizə daha dəyərli bir şey verir: Daha yaxşı sual verməyi öyrədir.
O, bizi şübhə etməyə, eqomuzu bir kənara qoymağa, inandığımız şeylərin təməlinə baxmağa məcbur edir. Sokratın məhkəməsi bitdi, amma əslində hər birimiz hər gün öz vicdanımızın və cəmiyyətin məhkəməsindəyik. Qarşımıza eyni qərarlar çıxır: Komfort, yoxsa həqiqət? Yalan içində rahat yaşamaq, yoxsa çətin də olsa doğru olmaq? Sürü ilə hərəkət etmək, yoxsa tək qalmağı gözə alıb sorğulayan, oyaq bir fərd olmaq?
Sokrat qərarını vermişdi. Seçim sırası indi bizdədir.
Son söz
Sokrat insanlara cavab vermirdi, çünki cavablar həmişə eksik, çox vaxt da aldadıcıdır. O, inanırdı ki, fəlsəfə qaranlıq otaqda işığı yandırmaq deyil; fəlsəfə, otağın qaranlıq olduğunu, bizim heç nə görə bilmədiyimizi, buna görə də daim pəncərəni axtarmağa ehtiyacımız olduğunu bizə xatırladan səsdir. Platonun yazıları, bu gün də o səsin yankısıdır.
Bu yazıdan çıxan 7 fikir
- “Apologiya” üzr istəmək deyil. Öz həqiqətini və hərəkətlərini qürurla, inamla müdafiə etmək, mövqeyindən geri çəkilməmək deməkdir.
- Yazı biliyin kölgəsidir. Sokrat inanrdı ki, həqiqət ancaq iki insanın canlı dialoqundan, fəal düşüncə çarpışmasından doğa bilər.
- Cəhalətin zirvəsi bilmədiyini bilməməkdir. Ən təhlükəli insan, boşluq içində olduğu halda özünü hər şeyi bilən hesab edən insandır. Həqiqi bilik, öz cəhalətini etiraf etməklə başlayır.
- Hər cəmiyyətin at sineyinə ehtiyacı var. Cəmiyyətlər tənbəlləşməyə, çürüməyə və yuxuya getməyə meyllidir. Onları oyadan narahat səslər susdurulmamalıdır.
- Sorğulanmamış həyat, yaşanmamış həyatdır. Avtopilotda, başqalarının ssenarisi ilə yaşamaqdansa, acı da olsa öz suallarını verərək, şüurlu və oyaq yaşamaq insanın tək azadlığıdır.
- Fəlsəfə danışmaq deyil, yaşamaqdır. Sokrat prinsiplərinə xəyanət edib qaçmadı. O, bütün dediklərini ölümü ilə möhürlədi. Fikir, əməllə sübut olunmadıqca boşdur.
- Haqsızlıq ölümdən betərdir. İnsan fiziki yoxluqdan (ölümdən) deyil, vicdanını itirməkdən, mənəvi olaraq ölməkdən qorxmalıdır. Cəsədi qorumaq üçün ruhu satmaq ən böyük məğlubiyyətdir.